“Karvan Art- Gallery”də gənc rəssam Leyla Hüseynovanın ilk fərdi sərgisi açılıb.
Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilmiş sərgidə 16 yaşlı rəssamın müxtəlif mövzularda çəkdiyi 20-dən çox əsəri nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Leyla Hüseynova uşaq yaşlarından təsviri incəsənətə maraq göstərib. Məktəbli olan gənc istedad həm də musiqi ilə yaxından maraqlanır, fortepiano və gitarada ifa etməyi bacarır.
Vurğulanıb ki, L.Hüseynovanın ən böyük arzusu məktəbi bitirdikdən sonra Rəssamlıq Akademiyasına qəbul olmaqdır. Bunun üçün öz üzərində daima çalışan gənc rəssam hazırda “EmArt Studio”da Emin Qəhrəmanovun rəhbərliyi altında təsviri incəsənətin sirlərini öyrənir.
“Rəssamlıq - incəsənətin ən gözəl növüdür. İnsanın emosiya və xoş xatirələrini eyni anda və bir əsərdə birləşdirir. Özüm üçün mütləq bir yaradıcılıq istiqaməti seçməsəm də, ilk sərgimdə portret və natürmortlara üstünlük vermişəm. Gələcək sərgilərimdə daha mükəmməl rəsm əsərlərini təqdim etməyi düşünürəm”, - deyə gənc rəssam bildirib.
azertag.az