Bizi dünyaya tanıdacaq, dünyanı isə bizə yaxınlaşdıracaq 2 GÜN
25.4.2016

Bu gün Bakıda "İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında BMT Sivilizasiyalar Alyansının (SA) 7-ci Qlobal Forumu start götürür. İki gün davam edəcək Forumda müxtəlif ölkələrin dövlət və hökumət başçıları, nazirlər, diplomatlar, yüksək səviyyəli dövlət, ictimai, mədəniyyət xadimləri, nüfuzlu beynəlxalq təşkilatların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, elm adamları və digər şəxslər də daxil olmaqla 3000 nəfərdən çox adamın iştirakı gözlənilir.

BMT-nin SA-nın Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır.

Təsadüfi deyil ki, Bakıda keçirilən Forum çərçivəsində Bakı Konqres Mərkəzi və Heydər Əliyev Sarayında 40-dan çox tədbirin - açılış mərasimi və plenar iclasın, panel toplantılarının, sessiyaların, yüksək səviyyəli iclasların, BMT SA Gənclər tədbirinin, biznes simpoziumun, və s. təşkil edilməsi nəzərdə tutulub. Forumda ekstermizmə və terrora qarşı mübarizə, münaqişə zonalarında sülhün bərqərar edilməsi, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, video-oyunlar vasitəsi ilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri, inklüziv cəmiyyətlərin qurulması, multikulturalizm, media peşəkarlığı, Bakı prosesi və digər məsələlər müzakirə ediləcək.

Azərbaycan artıq bir neçə ildir ki, ardıcıl olaraq qlobal və regional səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Amma altında BMT Sivilizasiyalar Alyansının (SA) 7-ci Qlobal Forumunun ölkəmizdə keçirilməsi həm ölkəmiz üçün, həm də bütün dünya üçün mühüm əhəmiyyət daşıyır. Əvvəla, Forumun Bakıda keçirilməsi müstəqilliyini yenidən bərpa etdikdən sonra qısa müddət ərzində müxtəlif istiqamətlərdə qazandığı uğurları, beynəlxalq aləmdə tutduğu yeri, dünyada söz sahibi olması və ona yeni töhfələr verə biləcəyi ilə bağlıdır. Tədbirin yüksək səviyyədə baş tutması və müzakirə edilən məsələlər ətrafında irəli sürüləcək təklif və qəbul ediləcək bəyannamə bu mövqeni daha da möhkəmləndirəcək.

İkincisi, Azərbaycan, onsuz da, öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Lakin Azərbaycan Bakıda keçirilən Forumda
sadalanan istiqamətlərdə qazandığı nailiyyətlərini gələn minlərlə nümayəndəyə, eyni zamanda bütün dünyaya təkcə sözdə yox, əyani şəkildə, nümunələrlə göstərə biləcək.

Üçüncüsü, Azərbaycan özünün ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha dünya ictimaiyyətinin dəqqətinə çatdırmaq imkanı əldə edəcək.

Dördüncüsü, çoxsaylı iştirakçısı olan bu Forum Azərbaycanın dünyadakı dostlarının, onun mövqeyini müdafiə edənlərin sayını daha da artıracaq.

Beşincisi, Azərbaycanın qazandığı uğurlarını əyani görmək imkanı əldə edən müxtəlif dövlətlərin nümayəndələri ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıq etməyə və ya mövcud əməkdaşlığı daha da genişləndirməyə can atacaqlar.

Qeyd edək ki, bu Forumunda Bakıda keçirilməsi barədə 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının (BA) 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında qəbul edilib. 2015-ci ilin iyulun 24-də Azərbaycan prezidenti İlham Əliyev Forumun ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. Artıq 2015-ci ilin oktyabrın 1-də isə BMT BA çərçivəsində keçirilmiş BMT SA-nın Nazirlər Şurasının növbəti iclasında BMT-nin Baş Katibi Ban Ki Mun və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə Forumun və ölkəmizin təqdimatı təşkil edilib.

day.az