Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Təbiətin sehrli rəngləri” mövzusunda sərginin açılış mərasimi olub.
Təhsil Nazirliyindən bildiriblər ki, sərginin keçirilməsinin əsas məqsədi tədris ili ərzində görülən işlərin yekun hesabatının təqdimatı, təbiət və onun mühafizəsi mövzusunun təbliğidir. Heyvanların yaşayış tərzi və mühafizəsinə dair maarifləndirmə, insan fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanı göstərmək, həmçinin bütün dünyada qeyd olunan Quşların Mühafizəsi Günü, Beynəlxalq Yer Günü, Ətraf Mühitin Mühafizəsi Günü, Ağac Günü kimi ekoloji tədbirlərə şagirdlərin diqqətini yönəltmək də sərginin əsas istiqamətləri sırasındadır.
Sərgidə 5-16 yaşlı uşaq və gənclərin rəngkarlıq, qrafika, aplikasiya, kollaj, vitraj və ipək parça üzərində rəsm – batika texnikalarında işlədikləri 140-dək rəsm və əl işləri nümayiş olunub. Batika texnikasında yaradılmış quş təsvirləri dərnək üzvlərinin geyimlərində nümayiş etdirilib.
Sərgidə rəsm və əl işləri ilə yanaşı, dərnək üzvlərinin iştirakı ilə sərginin mövzusunu əhatə edən intellektual və əyləncəli oyunlar, musiqili proqram da təqdim olunub.
Sonda sərgi iştirakçılarına müxtəlif hədiyyə və diplomlar təqdim olunub.
azertag.az