Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın kənd təsərrüfatı potensialından istifadə etməkdə maraqlıdır
18.5.2016

Son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) investorlar tərəfindən diqqətlə izlənilir. Ərzaq təhlükəsizliyi məsələsi BƏƏ üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan BƏƏ Azərbaycanın kənd təsərrüfatı potensialından istifadə etməkdə maraqlıdır və təqdim olunan ixrac məhsullarının siyahısı diqqətlə nəzərdən keçiriləcək.

Bu fikirlər Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun Əbu-Dabi Ticarət və Sənaye Palatasının (ƏDTSP) baş icraçı direktoru Hilal Məhəmməd Əl Hameli ilə görüşündə səsləndirilib.

Səfirlikdən bildiriblər ki, görüşdə Azərbaycan ilə BƏƏ arasında mövcud iqtisadi əlaqələrdən geniş bəhs olunub. Daşqın Şikarov qeyd edib ki, təməli Azərbaycanın ümummilli lideri Heydər Əliyev və BƏƏ-nin banisi Şeyx Zayed tərəfindən qoyulmuş ikitərəfli əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin fevralında BƏƏ-yə rəsmi səfəri, eləcə də vitse-prezident və Baş nazir, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən ilin aprelində ölkəmizə səfəri bu əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Hökumətlərarası münasibətlərlə yanaşı, iki ölkənin xalqları arasında da çox gözəl əlaqələr formalaşıb. Ölkələrimiz istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinə dəstək olurlar.

Diplomat ölkəmizdə əldə edilmiş nailiyyətlər, həyata keçirilən beynəlxalq layihələr və tədbirlər, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan bəhs edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə və dünyanın bir sıra bölgələrində həyata keçirilən xeyriyyə tədbirləri haqqında məlumat verilib.

İki ölkə arasındakı ticarət əlaqələrinin hazırkı səviyyəsinə toxunan səfir vurğulayıb ki, 2015-ci ildə Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 10 faiz artsa da, cəmi 70 milyon ABŞ dolları olub. Halbuki bu göstəricini dəfələrlə artırmaq mümkündür. Azərbaycandan BƏƏ bazarına xüsusilə kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı üçün böyük potensialın olduğunu deyən D.Şikarov bunun BƏƏ-nin ərzaq təhlükəsizliyinə də xüsusi töhfə verə biləcəyini diqqətə çatdırıb və Azərbaycandan ixracı mümkün ərzaq məhsullarının siyahısını nəzərdən keçirilməsi üçün qarşı tərəfə təqdim edib.

Turizm sahəsindəki əməkdaşlığa da toxunan səfir ölkəmizin əlverişli iqlimi, füsunkar təbiəti, zəngin mədəniyyəti, ləziz mətbəxi və qonaqpərvərliyi ilə tanındığını bildirib. Qeyd edib ki, Azərbaycanda turizmin inkişafı bilavasitə ölkə rəhbərliyinin nəzarətindədir. Turizmə göstərilmiş dövlət qayğısının nəticəsi olaraq bu gün paytaxt Bakı ilə yanaşı, regionlarda da ilin dörd fəslində istirahətə imkan verən müasir infrastruktur yaradılıb. Qəbələ, Quba, Qusar, Şamaxı, Şəki, Naxçıvan və Azərbaycanın digər bölgələrinin gözəlliyi ilə BƏƏ-li turistləri valeh edəcəyini deyən səfir Qusar rayonunda istifadəyə verilmiş “Şahdağ” turizm mərkəzini xüsusi qeyd edib. O, bu kompleksin qış turizmi üçün bütün regionun ən cəlbedici məkanına çevrildiyini vurğulayıb.

Aparılan islahatlar nəticəsində hazırda ölkədə olduqca əlverişli investisiya mühitinin formalaşdığını deyən səfir BƏƏ-dən olan investorları ölkəmizə sərmayə qoymağa dəvət edib. Bu kontekstdə xüsusilə inşaat və tikinti sektorlarındakı imkanlar haqqında qarşı tərəfə məlumat verilib. Əlverişli coğrafi mövqe, iqtisadi-siyasi sabitlik və münbit biznes mühiti fonunda ölkədə həyata keçirilən layihələrin qısa müddətdə özünü doğrultduğu qeyd olunub.

Söhbət zamanı qarşı tərəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun iqtisadi fəsadları haqqında da məlumat verilib. Bildirilib ki, işğal nəticəsində Azərbaycanın nəzarətindən müvəqqəti olaraq kənarda qalmış ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlər həyata keçirilməkdədir. İşğal edilmiş ərazilərin yeraltı və yerüstü təbii sərvətləri amansızlıqla talan edilməkdə, ətraf mühitə ağır zərbə vurulmaqdadır. Bununla yanaşı, bu ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən bir sıra şirkətlər öz məhsullarını dünya bazarlarına çıxarmağa cəhd edirlər.

Əl Hameli ölkəsi haqqında deyilmiş xoş sözlərə və verilmiş məlumata görə təşəkkür edərək bildirib ki, Azərbaycan ilə BƏƏ arasında tərəfdaşlıq münasibətləri Heydər Əliyev ilə Şeyx Zayed zamanında başlayıb və hər iki liderin davamçıları tərəfindən uğurla inkişaf etdirilir. O, həmçinin Azərbaycandan müvafiq ekspertləri dəvət etməklə ƏDTSP-də iş adamları üçün xüsusi təqdimatın keçirilə biləcəyini deyib. Bildirib ki, təmsil etdiyi qurum Dubay Ticarət Palatasının Bakı nümayəndəliyinin imkanlarından da istifadə etməklə, Azərbaycan bazarını daim diqqətdə saxlamaqdadır.

Son dövrlər BƏƏ vətəndaşlarında yeni turizm istiqaməti kimi Azərbaycana xüsusi marağın oyandığını ifadə edən Əl Hameli bu ölkədə gündən-günə daha çox insanın Azərbaycana səfər etməyi planlaşdırdığını qeyd edib. O, özünün də yaxın vaxtlarda Azərbaycana səfər etməyi düşündüyünü deyib.

azertag.az