Azərbaycanın dini tolerantlıq və multikultural mühiti Britaniyada böyük maraq doğurub
23.5.2016

Britaniyada yəhudi icmasının ən böyük qəzeti sayılan “Jewish News”un internet səhifəsində Azərbaycanda hökm sürən yüksək səviyyəli dini tolerantlıq və multikultural mühit haqqında məqalə dərc edilib.

Məqalənin müəllifi Britaniya Yəhudilərinin Nümayəndələr Şurasının xarici əlaqələr üzrə məsul əməkdaşı Devid Volş Azərbaycan haqqında məlumat verir, ölkəmizdə yaradılan dini tolerantlıq və multikultural mühit modelinin nümunəvi olduğunu diqqətə çatdırır.

Qeyd edilir ki, Azərbaycanda müsəlman əhalisi üstünlük təşkil etsə də, xristian və yəhudi icmaları da mövcuddur. Bu müxtəlif dinlər uzun illərdir mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar, indiyədək aralarında heç bir ciddi münaqişə baş verməyib. Ölkə rəhbərliyi Azərbaycanda dini tolerantlığa və multikulturalizmə böyük diqqət və qayğı göstərir. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan edib.

Yazıda Azərbaycan nümayəndə heyətinin - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin və ənənəvi dini konfessiyaların başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayevin bu yaxınlarda Britaniyaya səfərlərinə də toxunulub. Onların iştirak etdiyi konfranslar və görüşlərdəki çıxışlarına istinad edilərək, Azərbaycandakı dinlər və icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.

Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan D.Volş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının erməni separatçıları tərəfindən işğal edilməsi ilə bağlı faktları da diqqətə çatdırıb. Bu münaqişənin həm iki ölkə arasındakı münasibətlərin pozulmasına, həm də regionun ümumi inkişafına mənfi təsir göstərdiyi qeyd edilib.

azertag.az