3 yaşlı qız gecəni meşədə keçirdi
28.6.2012

3 yaşlı Xədicə bir gecəni Qubanın Qələdüz kəndində yerləşən, ümümi ərazisi 100 hektardan çox olan sıx meşədə keçirib. Hadisə iyunun 24-ü baş verib.

74 yaşlı Adilə Həmdullayeva nəvələri 2 yaşlı Ümid və 3 yaşlı Xədicəni də özü ilə götürərək evlərinin yaxınlığındakı meşəyə yollanıb. Onun meşəyə gəlişinin məqsədi həmin ərazidə yerləşən bağ sahəsinin suvarılması olub.

İşini bitirib evə qayıtmaq istəyən nənə nəvələrini səsləyib. Amma onun bu səsinə nə Ümid, nə də Xədicə səs veriblər. Bir müddət axtardıqdan sonra Adilə nənə balaca Ümüdi tapıb. Amma 3 yaşlı Xədicədən bir soraq çıxmayıb. Qısa bir müddət ərzində qızcığazın axtarışlarına ailə üzvləri ilə yanaşı, kənd sakinləri də qatılıblar. Vəziyyət o həddə çatıb ki, həmin vaxt kənddə çalınan toy şənliyi də dayandırılıb. Toya gələn bütün insanlar da meşəyə üz tutaraq Xədicənin axtarışlarına qatılıblar.

Quba Rayon Polis Şöbəsinin şəxsi heyəti də gecəni meşə massivində keçirib. Balaca
Xədicənin axtarışlarına təkcə hüquq-mühafizə orqanları əməkdaşlarının və Qələdüz kənd sakinlərinin deyil, həmçinin qonşu Küpçal və Dağlı kənd sakinləri də qatılıblar. Hətta Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev də əraziyə gələrək axtarış tədbirləri ilə yaxından maraqlanıb. Meşədə Xədicəni axtaran əli fənərli ümumilikdə 500-ə yaxın
adam olub.

Nəhayət səhər saatlarında Xədicə evlərindən 5 km aralıda, meşənin sıx bir hissəsində tapılıb. Gecə meşədə daşların üstündə yatan qızcığazın həmin əraziyə necə getməsi çox maraqlıdır. Yüksək dağ massivinin ətəyində yerləşən meşənin bu hissəsi bir növ keçilməz cəngəlliyi xatırladır. Hündür, sıx küknar ağacları və yabanı kol bitkilərinin örtdüyü həmin ərazi vəhşi heyvanların yaşayış arealıdır. Burada canavar, çaqqal, tülkü və digər yırtıcılara rast gəlinir. Elə Xədicə də meşədə həmin heyvanlardan biri ilə rastlaşıb. Qızcığazın sözlərinə görə, itə oxşayan bir canlı gecə saatlarında ona yaxınlaşıb. Amma heyvan Xədicəyə heç bir xəsarət yetirməyib. Bir müddət balacanın ətrafında dolaşan yırtıcı qızcığazın ayaqlarını yalayıb və ərazini tərk edib.

Özünün dediyinə görə, böyük bir ağacın dibində oturan qızcığaz bir müddət onu axtaran şəxslərin səsini eşidib. Hətta bir neçə dəfə onların səslərinə cavab da verib. Amma onu heç kim eşitməyib. Səs gələn istiqamətə tərəf yollanan Xədicə, nəticədə uzun bir məsafə qət edərək, ilkin olduğu yerdən də xeyli uzaqlaşıb...

Meşədə ayaqyalın gəzən Xədicənin ayaqlarındakı kiçik sıyrıntıları nəzərə almasaq, onun səhhətində hər hansı ciddi problem yoxdur. İndi bütün kənd sakinləri və Quba rayonu balaca Xədicənin meşə əhvalatından danışır. Nə yaxşı ki, böyük həyəcan və təşviş dolu bu hadisə nağıllarda olduğu kimi xoşbəxt sonluqla bitdi.

xezerxeber.com