Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən Musiqili Uşaq Teatrı mayın 31-də və iyunun 1-də Dövlət Gənc Tamaşaçılar Teatrında Elşad Rəhimzadənin rus xalq nağılının motivləri əsasında səhnələşdirdiyi “Qoğal” adlı tamaşanı təqdim edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tamaşanın səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, mahnılarının sözləri isə Fikrət Musayevə məxsusdur.
Musiqili Uşaq Teatrı Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevanın təşəbbüsü ilə yaradılıb. İki ildir ki, fəaliyyət göstərən bu teatrın rəhbəri Elşad Rəhimzadədir. Teatrın kollektivi indiyədək 3 tamaşa (“Bremen musiqiçiləri”, “Cırtdanın nağılı”, “Şəngülüm, Şüngülüm, Məngülüm”) səhnələşdirib. Bu teatrın fəaliyyəti uşaqların dünyagörüşünün və səhnə mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
“Qoğal” tamaşasına biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasından və Gənc Tamaşaçılar Teatrının kassasından əldə etmək mümkündür.
azertag.az