Milli Azərbaycan Tarixi Muzeyində yeni bölmə açılacaq
24.5.2016

Mayın 26-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti. 1918-1920” bölməsinin yeni quruluşda açılışı olacaq.

Muzeydən bildirilib ki, bölmədə müsəlman Şərqində ilk demokratik respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilib. Bölmə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti” otaqlarından ibarət olacaq.

Birinci otaqda müstəqilliyin elan olunması, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncə dövründə fəaliyyəti əks olunub. Burada 4 vitrində 60-dan çox nadir eksponat, həmçinin manekenlər yer alıb. Otaqda qurulmuş 5 informasiya panelində tarixi hadisələri əks etdirən məlumatlar, 30-dan çox fotoşəkil, 4 xəritə və sxemlər verilib.

İkinci otaqda Azərbaycan Xalq Cümhuriyyəti parlamenti və hökumətinin fəaliyyəti, müvafiq dövrdə ölkənin iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət məsələləri əks olunub. Burada 8 vitrində 90-dək tarixi eksponat, 70-dən çox fotoşəkil, 5 xəritə və sxem, 2 bədii kompozisiya, 1 heykəl yer alıb. Həmçinin 24 informasiya paneli tamaşaçılara Azərbaycan, rus və ingilis dillərində lazımi məlumatları əldə etməyə imkan verir.

Beləliklə, bölmədə yer alan 150-dək tarixi eksponatın sırasında Azərbaycanın İstiqlal Bəyannaməsinin 1919-cu ildə Parisdə təqdim olunmuş nüsxəsi, Qafqaz İslam Ordusunun azərbaycanlı və türk əsgər və zabitlərinin silah və əşyaları, cümhuriyyət liderlərinin şəxsi əşyaları, 1918-1920-ci illərdə parlament və hökumətin qəbul etdiyi qərarlar və s. böyük maraq kəsb edir.

Həmçinin, bölmədə quraşdırılmış monitorda M.Ə.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında tarixi nitqi səsləndirilir.

azertag.az