Prezident İlham Əliyev SOCAR-ın yeni binasının açılışında iştirak edib
31.5.2016

Bu gün Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Paytaxtın ən hündür "göydələn"i olan SOCAR-ın yeni inzibati binası müasir memarlıq üslubu ilə diqqət çəkir. "Külək-alov" konsepsiyası əsasında hazırlanan bu nəhəng tikilinin təməli 2010-cu il oktyabrın 12-də prezident İlham Əliyev tərəfindən qoyulub.

Hündürlüyü 200 metr olan binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edir. Paytaxtda müasir memarlıq üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən binanın 34-37-ci mərtəbələri rəhbərliyin ofisləri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-cı mərtəbələr isə şirkətin struktur bölmələrinin ofisləri kimi fəaliyyət göstərəcək.

Binanın konstruksiyası dəmir-beton özək divarlı və polad quruluşlu kompozit sistemə əsaslanıb. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kanadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilib və saatda 190 kilometr külək sürətinə hesablanıb. Binada xidməti otaqlarla yanaşı 233, 110 və 22 yerlik olmaqla 3 konfrans zalı inşa edilib. Konfrans zalı ilə tanışlıq zamanı prezident İlham Əliyev binanın tikintisini əks etdirən videogörüntülərə baxıb.

Bundan əlavə binada hər cür avadanlıqla təchiz olunan iki fitnes mərkəzi ,450 nəfərlik yeməkxana, həmçinin 130 nəfər üçün nəzərdə tutulan kafeteriya var.

Binanın yeraltı hissəsində 1045, ərazisində isə 240 avtomobil yerlik dayanacaqlar yaradılıb. Külək-tunel testinə uyğun olaraq, əsmə amplidudasının məhdudlaşdırılması məqsədilə bina damper sistemi ilə təchiz olunub. Fasadın təmizlənməsi və digər xidmətlər binanın üstündə yerləşən teleskopik səbətli kran vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, bina qoşa kabinəli liftlər və avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunub.

SOCAR-ın yeni inzibati binası müasir beynəlxalq standartlara tam cavab verir və burada yüksək təhlükəsizlik tədbirləri görülüb. Binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

Bina ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

xezerxeber