Bu ilin mayından paylanan “Tələbə Kartı” 197 min nəfərə veriləcək
4.7.2012

“Bu ilin mayından başlayaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə “Azərbaycan Tələbə Kartı”nın təmənnasız paylanması başlanıb. Kartın tətbiqi və Avropa sisteminə qoşulması üçün ciddi hazırlıq işləri aparılıb. Kart 30 ölkədə 80 obyektdən imtiyazlı istifadə imkanı verir. “Tələbə kartı”nın təqribən 197 min nəfərə paylanması nəzərdə tutulub”.

Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərlə görüşündə deyib.

“Azərbaycan gəncliyi 2011-2015-ci illər” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqda danışan A. Rəhimov bildirib ki, Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən gənc alimlərin iştirak etdiyi layihələr üçün birinci qrant müsabiqəsi keçirilib: “26 layihə maliyyələşdirilib. Layihələrin dəyəri 10 min manatdan 50 min manatadək olub. 2012-ci ilin birinci yarım illiyi ərzində isə 90 tədbir həyata keçirilib”.

A. Rəhimov qeyd edib ki, gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı cari ilin yanvar-fevral aylarında da müsabiqə keçirilib: “Müsabiqəyə 115 təşkilat layihə təqdim edib. Təqdim edilən layihələrin 4-ü müsabiqənin mövzularına uyğun gəlmədiyi üçün 18 təşkilat isə gənclər təşkilatı olmadığından həmin layihələrə baxılmayıb. Yerdə qalan 93 təşkilatın layihədən 57-nin maliyyələşdirilməsi nəzərdə tutulub. Bunun üçün dövlət büdcəsindən 851589 manat məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub”.

APA