Tanınmış rəssam Səmədağa Cəfərovun yubiley sərgisi açılıb
8.6.2016

“1969” qalereyasında tanınmış rəssam, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvi Səmədağa Cəfərovun 70 illik yubileyi münasibətilə fərdi sərgisi açılıb.

Tədbirdə Xalq Rəssamı Xanlar Əhmədov, Əməkdar İncəsənət Xadimi Arif Əziz və başqaları çıxış edərək S.Cəfərovun özünəməxsus yaradıcılıq yolundan söz açıblar.

Bildirilib ki, S.Cəfərov 1946-cı ildə Mərdəkan qəsəbəsində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1973-1978-ci illərdə Leninqrad şəhərində V.İ.Muxina adına Ali Rəssamlıq Məktəbində keramika və şüşə rəssamı ixtisası üzrə təhsilini davam etdirib. Yaradıcılıqla yanaşı, gənc rəssamların yetişməsinə də töhfələr verən sənətkar hazırda Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində müəllim kimi fəaliyyətini davam etdirir.

Bütün iştirakçılara minnətdarlığını bildirən Səmədağa Cəfərov gələcək planlarından söz açıb. Bildirib ki, iyul ayında Bolqarıstanda keçiriləcək rəsm festivalında iştirak edəcək.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Beş gün davam edəcək sərgidə rəssamın 50-ə yaxın rəngkarlıq və qrafika əsərləri nümayiş olunur.

azertag.az