Praqada “Mənim Azərbaycanım” adlı incəsənət sərgisi açılıb
10.6.2016

İyunun 9-da Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı və Bakı-Berlin qalereyasının dəstəyi ilə Praqa şəhərinin mərkəzində yerləşən məşhur Klementium qalereyasında ölkəmizin rəssamlarının əsərlərinin nümayiş etdirildiyi “Mənim Azərbaycanım” adlı sərginin açılış mərasimi keçirilib.

Sərginin açılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev və Çexiya Milli Kitabxanasının direktoru Petr Kroup çıxış edərək Azərbaycanda rəssamlıq sənətinin ənənələrindən danışıblar.

Bakı-Berlin qalereyasının direktoru Pərvanə Ehrari, Çexiya Mədəniyyət Nazirliyi və digər dövlət qurumlarının, diplomatik nümayəndəliklərin təmsilçiləri, o cümlədən yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri açılış mərasimində iştirak ediblər.

Sərgidə Azərbaycan rəssamları İsa Məmmədov, İbrahim Ehrari, Şamo, Müsəib Əmirov, Əsmər Nərimanbəyova, həmçinin Praqada yaşayan tətbiqi incəsənət ustası Vəfa Aşumovanın əsərləri nümayiş etdirilib. Əsərlər iştirakçıların marağına səbəb olub.

Açılış mərasimi zamanı musiqili bədii kompozisiya nümayiş etdirilib, şair Leyla Bəyimin sonetləri səsləndirilib.

Sərgi iyunun 30-dək davam edəcək.

azertag.az