Azərbaycan Aşıqlar Birliyinin nəşrləri seriyasından daha bir kitab geniş oxucu kütləsinin ixtiyarına verilib. “UniCild” nəşriyyatında nəfis tərtibatla nəşr olunan “Çağla, telli sazım, çağla” adlı kitabda ozan-aşıq sənətinin görkəmli nümayəndələrindən biri, XX əsrin ikinci yarısında yaşayıb fəaliyyət göstərmiş, Qazax aşıq mühitinin görkəmli nümayəndəsi aşıq Kərəm İncəlinin (Nəsibovun) şeirləri və ona ithaf olunmuş şeirlər toplanıb.
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, kitabın məsləhətçisi professor Məhərrəm Qasımlı, tərtibçisi şair Rəfail İncəyurd, rəssamı isə Məmməd Dəmirçioğludur. Şair Barat Vüsal kitaba “O zirvə dərədə bir aşıq vardı…” adlı “Ön söz” yazıb.
Qeyd edək ki, aşıq Kərəm İncəli 1945-ci ildə Qazax rayonunda anadan olub. Məşhur ustad aşıq Kamandar Əfəndiyevin yanında 4 il şəyird olaraq ondan sənətin sirlərini mükəmməl öyrənib. El məclislərində, mədəni-kütləvi tədbirlərdə, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb, aşıqların IV qurultayının iştirakçısı olub.
Kərəm İncəli 1995-ci ildə dünyasını dəyişib.
azertag.az