C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Oğul” kitabının təqdimatı olacaq
21.6.2016

İyunun 22-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zərəngiz Dəmirçi Qayalının “Oğul” kitabının təqdimatı keçiriləcək.

Kitabxanadan bildirilib ki, kitab Murovdağ uğrunda döyüşlərdə şəhid olan Elgün İsmayılova həsr olunub. Kitabda, müəllifin bacısı, milli ordunun könüllü döyüşçüsü Vəfa Mansurovaya ithaf olunan “Vəfam mənim” (yenidən işlənilmiş variantı) poeması da yer alib. Həmçinin “Oğul” kitabında şairənin son dövrlərdə yazdığı “Qurtuluş savaşı - Çanaqqala”, “Kazım Qara Bəkir Paşa” və şəhid Fariz Bədəlova həsr edilmiş balladaları, “Vahidim de, igidim de, şəhidim de” elegiyası işıq üzü görüb.

Kitabda verilmiş müxtəlif mövzulu 70-dən çox şeirdə şairənin yaşantıları, həyata, insanlara, dünyaya, göz açdığı doğma ana yurdu Qazax torpağına sevgisi, fəxrimiz, sərvətimiz olan uşaqlar üçün bölməsində gələcəyimiz olan uşaqlara həsr edilmiş əsərləri dərc olunub.

Tədbirdə “Aytam” Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai Birliyinin dərnək üzvləri ifasında müəllifin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunacaq.

azertag.az