Teatr bölgələrdə “ağ ölüm”un bəlalarından danışacaq
21.6.2016

İyunun 27-dən iyulun 1-dək Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti respublikamızın bölgələrinə qastrol səfəri edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səfər ölkə başçısının təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”, eləcə də multikulturalizm ili çərçivəsində baş tutacaq.

Qastrol səfəri çərçivəsində V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşası Şirvan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik və Astara rayonlarında bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş olunacaq.

Gənc Tamaşaçılar Teatrı builki 88-ci teatr mövsümünə iyulun 1-də Astara rayonunda yekun vuracaq.

azertag.az