İyunun 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərindəki orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
Həmin gün Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.
TQDK-dan bildiriblər ki, imtahanlarda ümumilikdə 55 min 908 şagirdin iştirakı nəzərdə tutulur (IX sinif üzrə 31 min 254, XI sinif üzrə 24 min 654).
Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr və digər zəruri məlumatlar çatdırılır.
IX sinif şagirdləri üçün imtahan saat 10.00-da, XI sinif şagirdləri üçün isə saat 15.00-da başlanır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: “İmtahana buraxılış vərəqəsi”ni; şəxsiyyəti təsdiqləyən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- 16 yaşı 2016-cı il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanların idarə olunmasına ümumilikdə 79 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 2 min 474 nəzarətçi-müəllim ayrılıb.
azertag.az