Rusiyanın Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin mədəniyyət və turizm nazirlərinin konfransı öz işinə başlayıb. Sözügedən tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, konfransa QDİƏT-ə üzv dövlətlərin, eləcə də Dünya Turizm Təşkilatı və QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin yüksək vəzifəli nümayəndələri qatılıb.
Görüş çərçivəsində, QDİƏT regionunda turizm sahəsi üzrə əməkdaşlığın əhəmiyyəti, gələcək perspektivlər, regional turizm məhsulunun yaradılması istiqamətində görülməli olan işlər və bir sıra digər mühüm məsələlərə dair geniş müzakirələr aparılıb. Bununla yanaşı, üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri öz ölkələrində turizm sənayesinin mövcud inkişaf tempi, görülmüş işlər və gələcək planlar haqqında müvafiq təqdimatlarla çıxış ediblər.
Mədəniyyət və Turizm Nazirliyi adından geniş təqdimatla çıxış edən Aydın İsmiyev Azərbaycanda turizm sahəsinin inkişafı naminə dövlət tərəfindən həyata keçirilən kompleks islahatlar və bu islahatlara əsaslanan müsbət göstəricilərə dair ətraflı məlumat verib. Bununla yanaşı, təqdimat çərçivəsində A.İsmiyev ölkəmizdə turizm sənayesinin qanunvericilik bazasının təkmilləşdirilməsi, elektron-viza sistemi və viza prosedurlarının sadələşdirilməsi, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, sağlamlıq, dağ-xizək, işgüzar və digər növ turizm növləri üzrə mövcud turizm məhsullarının çeşidləndirilməsi, eləcə də ölkəmizin turizm potensialının xarici ölkələrdə yüksək səviyyədə təbliğ etdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Səfər çərçivəsində A.İsmiyev Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri, Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) sədr müavini Sergey Korneyevlə ikitərəfli görüş keçirib. Görüşdə Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb və gələcək perspektivlər müzakirə edilib. Eləcə də, Rusiyadan ölkəmizə gələn xarici turistlərin sayının artırılması, həmçinin mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək işlər təhlil olunub.
Bununla yanaşı, A.İsmiyev Dünya Turizm Təşkilatının icraçı direktoru Zoltan Somogi ilə görüşüb və BMDTT ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq müzakirələr aparıb.
Qeyd edək ki, QDİƏT-ə üzv dövlətlərin mədəniyyət və turizm nazirlərinin konfransına bu gün yekun vurulacaq.
azertag.az