Şamaxının tarixi abidələri turistləri daha çox cəlb edir
4.8.2016

Füsunkar təbiəti olan Şamaxının antik və orta əsr tarixi abidələri son vaxtlar nəinki yerli, xarici turistləri belə özünə daha çox cəlb edir.

Rayon mədəniyyət və turizm şöbəsinə istinadla xəbər verilir ki, Şamaxıda antik və orta əsrə aid 60-a yaxın tarixi abidə var. Gülüstan və Buğurd (Bəyqurd) qalaları, Şirvanşahlar sarayının qalıqları, Cümə məscidi, Yeddi kümbəz kompleksi kimi tarixi abidələr turistləri daha çox maraqlandırır.

Təsadüfi deyil ki, son illərdə Şamaxıya gələn turistlərin sayı durmadan artır. Təkcə cari ilin ötən yeddi ayında rayona 58 mindən çox turist gəlib. Bu, ötən ilin müvafiq dövründəkindən 10 faiz çoxdur. Turistlərin 12 min 582 nəfəri xarici ölkələrin, o cümlədən Yaponiya, Rusiya, İngiltərə, Türkiyə, İsrail, Fransa və İranın vətəndaşlarıdır.

azertag.az