Azərbaycan vətəndaşları üçün İrana müvəqqəti viza pulsuz olacaq
6.8.2012

Azərbaycan vətəndaşları üçün İrana müvəqqəti viza pulsuz olacaq. Bunu bazar ertəsi  İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri deyib.

İsgəndəri bildirib ki, 5-31 avqust tarixlərində İrana səfər etmək üçün viza alacaq Azərbaycan vətəndaşları rüsum ödəməyəcəklər. Viza almaq üçün pasportun birinci səhifəsinin surəti, şəxsiyyət vəsiqəsinin surəti və iki ədəd fotoşəkil tələb olunur.

Naxçıvana İran ərazisindən tranzit keçid edən vətəndaşlarımız da viza almalı olacaqlar.

Qeyd edək ki, İran Azərbaycanla viza rejimini müvəqqəti olaraq bərpa edib.

Viza rejiminin yenidən tətbiqinə səbəb bu ay Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə görüşünün keçirilməsidir. İran Xarici İşlər Nazirliyi artıq bununla bağlı Azərbaycan XİN-ə nota göndərib. Notaya əsasən, qeyd olunan zirvə görüşü ilə əlaqədar avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarının İrana səfər etməsi üçün viza rejimi tətbiq olunacaq. Bu tarixdən sonra əvvəlki viza rejimi bərpa ediləcək.

trend.az