2013-ci ilin modeli “Ford Edge” Azərbaycan sürücülərinin ixtiyarındadır – Foto
10.8.2012

Yeni “Ford” modeli Azərbaycanda satışa çıxdı.

2013-cü ilin “Ford Edge” modeli “Ford Azərbaycan” Satış Mərkəzində təqdim olundu.

“Ford” şirkətinin təqdim etdiyi 2006-cı ilin orta ölçülü “Edge” krossoveri satışa çıxdığı birinci ildə 130 min ədəd göstərici ilə markanın sayca üçüncü bestsellerinə çevrilmişdi.

Avtomobilə olan marağı qoruyub saxlamaq və satışların həcmini daha da artırmaq üçün “Ford” yenilənmiş “Edge”-ni təqdim etdi.

Konsern mütəxəssislərinin bildirdiyinə görə, burada praktiki olaraq hər bir detal dəyişikliyə məruz qalıb.

Avtomobilin xarici görünüşündə əsas dəyişiklik ön tərəfin hazırkı “Fusion” modelinin üslubunda yenidən işlənməsidir. Dizaynerlər avtomobilin çoxları tərəfindən bəyənilən dinamik simasında əsaslı dəyişiklik etmək istəməyərək, cəmi bir neçə cizgi ilə onun ön tərəfini tanınmaz dərəcədə dəyişə biliblər.

Eksteryerdə əsaslı dəyişikliklər edilmədiyi halda, avtomobilin daxili tamamilə yenidən işlənib, əvvəlki iti və düzbucaqlı künclərdən əsər-əlamət qalmayıb. Yeni cihazlar paneli əvvəlki kimi iri deyil və indi alüminium və ağac elementləri ilə birlikdə yumşaq plastikdən hazırlanıb.

Bir qədər maili mərkəzi konsol Limited komplektasiyasında audiosistemi və iqlim qurğusunu idarə edən sensor düymələrlə təchiz olunub. İnteryerin üzlük materiallarının keyfiyyəti, fakturası və seçimi xeyli yaxşılaşıb və indi daha yuxarı sinfə mənsub olan avtomobilləri xatırladır.

Salonun iri daxili məkanına asanlıqla beş nəfəri yerləşdirmək olar, arxa oturacağın 60/40 nisbətində qatlanan kürək hissəsi hamar döşəmənin əmələ gəlməsinə imkan yaradır və baqaj bölməsinin həcmini iki dəfədən çox artırır. Limited komplektasiyasında isə öndəki sərnişinin oturacağı da qatlanaraq döşəmə ilə bir səviyyədə olur.

Yeni “Ford Edge”nin güc göstəricilərinə gəldikdə isə baza versiyasında 3,5 litr həcmli V6 mühərriki quraşdırılıb. İndi onun qüvvəsi 285 at gücü, fırlanma momenti isə 343 Nm təşkil edir. Bu mühərriklə avtomobilin şosedə yanacaq sərfiyyatı 8,9 litr/100 km-dir. Əvvəlki versiyalarla müqayisədə 100 kilometr məsafəyə sərf olunan yanacağa 0,7 litrədək qənaət edilməsinə gətirib çıxarıb.

Yeni avtomobil üçün bir transmissiya nəzərdə tutulub, lakin bu transmissiya komplektasiyadan və mühərrikin tipindən asılı olaraq bir neçə modifikasiyada təklif olunan bu avtomobil 38 min 900 manatdan başlayan qiymətlərlə təklif edilir.


Gün.Az