Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndələri Türkiyənin Çanaqqala şəhərində məhdud imkanlı gənclərin cəmiyyətə inteqrasiyası mövzusunda keçirilən “Access” adlı beynəlxalq layihədə iştirak ediblər.
ARGTMŞ-dən bildiriblər ki, tədbirə Şuranın üzvü olan “DAN” Beynəlmiləlçi Gənclər və İnternat Məzunlarının Sosial İnteqrasiyası ictimai birliklərinin nümayəndələri qatılıblar. Ümumiyyətlə, layihədə hər ölkədən altı nəfər olmaqla, Azərbaycan, Gürcüstan, Sloveniya, Portuqaliya və Türkiyə gəncləri iştirak ediblər.
Layihənin məqsədi məhdud imkanlı gənclərin sosial inteqrasiyası, onlara fəal vətəndaşlıq ruhunun aşılanması, bu qəbildən olan gənclərin iş qabiliyyətinin artırılmasıdır.
Təqdimatların, müzakirələrin və debatların keçirildiyi tədbirdə iştirakçı ölkələrin bu sahədəki təcrübələri paylaşılıb, gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.
azertag.az