Parisdə Almaniya Mədəniyyət Mərkəzində azərbaycanlı gənc bəstəkarın konserti olub
28.11.2016

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə Almaniya Mədəniyyət Mərkəzində (Höte İnsititutu) “Jazzycolors” beynəlxalq caz festivalı çərçivəsində azərbaycanlı gənc bəstəkar və pianoçu Etibar Əsədlinin konserti olub.

Almaniya Mədəniyyət Mərkəzinin nümayəndəsi xanım Katarina Skriba çıxış edərək Azərbaycan musiqiçilərini yenidən bu mərkəzdə görməkdən məmnunluğunu bildirib. O, ilk dəfə 2014-cü ildə “Cəngi” ansamblının da burada konsert verdiyini və tamaşaçıların rəğbətini qazandığını vurğulayıb.

Azərbaycan səfirliyinin nümayəndəsi Ayaz Qocayev ölkəmizdə mədəniyyətə, incəsənətə və musiqiyə dövlət tərəfindən göstərilən yüksək qayğıdan danışıb və zəngin mədəniyyətimizin tərkib hissəsi olan caz musiqisi barədə məlumat verib. O, milli musiqimizin cazla sintezinin bu musiqi növünü daha da zənginləşdirdiyini diqqətə çatdırıb. Böyük sənətkarların əsasını qoyduğu Azərbaycan caz musiqisinin bu gün gənc nəsil tərəfindən daha da inkişaf etdirildiyini bildirib.

Sonra musiqiçilər səhnəyə dəvət edilib. Parisdə yaşayan Etibar Əsədli Azərbaycan bəstəkarlarının və özünün bəstələdiyi kompozisiyaları ifa edib. Onu fransız musiqiçilər Elvin Bironien (bas-gitara) və Tilo Bertolo (zərb aləti) müşayiət edib.

Musiqiçilərin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

azertag.az