Londonda yaradılmış “In Azerbaijan” internet portalının təqdimatı olub
28.11.2016

Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılan “In Azerbaijan” (http://inazerbaijan.co.uk/) internet portalının təqdimat mərasimi keçirilib.

Şuradan bildiriblər ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində keçirilən təqdimat mərasimində səfirliyin əməkdaşları, yerli gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən səfirliyin birinci katibi Polad Məmmədov bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb, “No Collective” təşkilatının həyata keçirdiyi layihənin hər iki ölkənin cəmiyyətləri arasında əlaqələrin genişləndirilməsinə təkan verəcəyini deyib.

Daha sonra “NO Collective” təşkilatının rəhbərlərindən olan xanım Natali Beys portal haqqında məlumat verərək deyib: “Biz portalın hazırlanması məqsədilə zəruri məlumatları toplamaq üçün Bakıya səfər etdik. Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ictimai-siyasi həyatı haqqında saytda geniş məlumatlar yerləşdirilib. Portalda, həmçinin Azərbaycan və Böyük Britaniya gənclərinin yazışdığı interaktiv bloq və müvafiq tədris materiallarına da yer ayrılıb. Saytdakı xəbərlər mütəmadi şəkildə yenilənəcək”.

Qeyd edək ki, təqdimat mərasimindən əvvəl xanım N.Beys paytaxt London ərazisində yayımlanan “London Live” televiziya kanalının qonağı olub və izləyicilərə portal haqqında ətraflı məlumat verib.

azertag.az