IDEA "Landşaft" kursunu uğurla bitirən gəncləri təltif etdi
29.11.2016

IDEA İctimai Birliyinin “Gənclərin tədrisi proqramı” çərçivəsində 9 sentyabr tarixində start verdiyi “Landşaft” kursları uğurla yekunlaşıb. Müvəffəqiyyətlə kursu tamamlayan 30-a yaxın gənc IDEA tərəfindən sertifikat və hədiyyələrlə təltif edilib.

Bu barədə IDEA-dan məlumat verilib.

Qeyd edək ki, landşaft kursunun təşkil edilməsində əsas məqsəd insanla təbiət arasında harmoniya yaratmaq, təbiət gözəlliklərini önə çıxarmaq, o cümlədən yaşıllaşdırma işlərini düzgün həyata keçirməyi və ətraf mühit komponentləri arasında estetik əlaqə qurmağı təşviq etmək olub. Kurslar iki ay müddətində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzlərində keçirilib.

500-ə yaxın qeydiyyatdan keçmiş şəxs arasından seçilən 30 nəfər gənc sözügedən kursda landşaftların təsnifatı, landşaft memarlığının tarixi, landşaft memarının vəzifələri, landşaft dizaynerliyi, orqanik əkinçilik və onun əhəmiyyəti və s. bu kimi mühüm əhəmiyyətə malik mövzularla bağlı öz bilik və bacarıqlarını dərinləşdiriblər.

IDEA mütəmadi olaraq ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər, söhbət klubları, dəyirmi masalar, müsabiqələr və s. təşkil edir.

Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (www.ideacampaign.org, www.instagram.com/idea_campaign və https://www.facebook.com/ideacampaign.org) vasitəsilə çatdırılır.

trend