Elmə gedən böyük yol Tələbə Elmi Cəmiyyətindən başlanır
1.12.2016

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kimya və biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) universitetin 95 illik yubileyinə həsr edilmiş elmi konfransı keçirilib.

ADPU-dan bildirilib ki, tədbirdə bu ali məktəbin rektoru, professor Cəfər Cəfərov bildirib ki, elmi konfransların keçirilməsi tələbələrin normal mütəxəssis kimi yetişmələrində mühüm rol oynayır. Elmi toplantılar tədrisin keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı mütəxəssis hazırlanmasına səmərəli təsir göstərir. Eyni zamanda, tələbələrin elmi-tədqiqatlarının praktiki baxımdan ortaya qoyulması, onların tədqiqat vərdişlərinin, eləcə də natiqlik qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir.

Rektor tələbə gənclərə elmi araşdırmaların dəyərinin və nəticələrinin daha da təkmilləşdirilməsi üçün tövsiyələrini verib, konfransın işinə uğurlar arzulayıb.

Konfransda kimya və biologiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Bəhlul Ağayev, universitet Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Əli Zalov, biologiyanın tədrisi metodikası kafedrasının müdiri, professor Əli Hüseynov, ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının müdiri, professor Ələkbər Qurbanov mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda elmə gedən böyük yolun məhz TEC-dən başlandığı vurğulanıb. Qeyd olunub ki, belə konfransların keçirilməsi tələbələrin elmi-tədqiqat işinə cəlb olunmalarına, onların bilik və bacarıqlarının artmasına müsbət təsir göstərir.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. İclaslarda ümumilikdə 94 məruzə dinlənilib.

azertag.az