Dekabrın 3-də Vyanada, “Austria Center Vienna” konqres mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) təşkilatçılığı ilə 48-ci “Beynəlxalq Festival-Bazar” xeyriyyə tədbiri keçirilib.
Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizi həmin tədbirdə təmsil edib. Tədbirdə Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın xanımları tərəfindən hazırlanmış milli mətbəximizin ləziz xörəkləri və şirniyyatları minlərlə iştirakçıya təqdim olunub. Milli suvenirlər guşəsində isə xalq sənəti nümunələri, eləcə də “Gilan” şirkətinin məhsulları nümayiş etdirilib.
Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. Tədbirdə iştirak edən minlərlə insan qısa müddətdə Kolumbiya şokoladı, yapon sakuramoçisi, Azərbaycan qutabı, gürcü xaçapurisi, İsveçrə rakleti, ispan paeyasının və digər təamların dadına baxmaq imkanı əldə edirlər. “Beynəlxalq Festival-Bazar”da dünyanın 80-dən artıq ölkəsi, həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunurlar.
Azərbaycanın Avstriyadakı səfirliyinin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının fəal təmsil olunduğu BMT Qadınlar Gildiyası hər il təşkil olunan bu festivaldan əldə edilən vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir.
azertag.az