Azərbaycanın təbii iqlim müxtəlifliyi il boyu istirahət üçün geniş imkanlar açır. Son illər ölkəmizdə qış turizminin populyarlaşdırılması üçün müasir infrastruktur yaradılıb. Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzi artıq beşinci mövsümdür dağ-xizək idmanı həvəskarlarını əsl qış istirahətinə dəvət edir. Qəbələ rayonu ərazisindəki “Tufandağ” dağ-xizək kompleksi də hər kəsə unudulmaz təəssürat vəd edir.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən “Baku Guide” bələdçi kataloqunun dekabr nömrəsində ölkəmizin qış turizmi imkanlarına xüsusi yer ayrılıb.
Nazirlikdən bildirilib ki, “Odlar yurdunun dağ-xizək kurortları” adlı yazıda qış mövsümündə Azərbaycanda istirahətin özəlliklərindən söz açılır, bununla bağlı səyahət həvəskarlarına faydalı məsləhətlər verilir.
Qış mövsümünün digər maraqlı turizm istiqaməti ov turizmidir. Azərbaycan bu baxımdan da əcnəbilər üçün cəlbedici ölkədir. Kataloqun dekabr nömrəsində ölkəmizdə bu turizm növünün xüsusiyyətləri, ovçuluqla bağlı mövcud qaydalar və mövsüm bölgüsündən bəhs olunur.
“Azərbaycanın turizm dünyasında mövqeyi möhkəmlənir” sərlövhəli yazıda isə son dövrlər respublikamızda bu sektorda baş verən müsbət tendensiyalar, xarici turistlərin ölkəmizə marağının artması konkret faktlarla diqqətə çatdırılır, eləcə də növbəti ildə turistləri gözləyən yeniliklər qeyd edilir.
Azərbaycanda artıq bir neçə aydır tətbiq edilən “Tax free” sistemi ilə bağlı yazıda isə əcnəbi qonaqlara bu sistemin üstünlükləri, şərtləri barədə məlumat verilir.
Ənənəvi olaraq "Baku Guide" bələdçi kataloqunun bu nömrəsində da ölkəmizin mədəni həyatında baş verən mühüm mədəniyyət hadisələri, eləcə də paytaxt sakinlərinin və qonaqların diqqətini çəkəcək tədbirlər barədə yazılar, informativ materiallar yer alıb.
Oktyabr ayında Bakıda keçirilən Beynəlxalq Caz Festivalının braziliyalı qonağı Qabriel Qrossi nəşrə eksklüziv müsahibəsində özünün musiqi yaradıcılığı və paytaxtımızla bağlı təəssüratı barədə danışır.
“Baku Guide” bələdçisinin bu nömrəsində dekabr ayı üzrə paytaxtın teatr və konsert müəssisələrinin, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası, habelə ayrı-ayrı tamaşa və filmlərin diqqətçəkən annotasiyası Azərbaycan və ingilis dilində oxuculara təqdim olunur. “Turistlər üçün informasiya” bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Həmçinin, turizm agentləri, aviakassalar, hava yolları, hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb.
“Azərbaycan mətbəxi” rubrikasında bu dəfə ingilisdilli oxucular milli mətbəximizin daha bir dadlı nümunəsinin - xaşın hazırlanma qaydası ilə tanış olacaqlar. Qış fəslində xüsusi yeri olan bu yemək yəqin ki əcnəbi qonaqlarımızın da damağına dad verəcək.
Mədəniyyət və Turizm Nazirliyin nəzdində fəaliyyət göstərən “Baku City Tour”, turun marşrut və dayanacaqları, yaradılan şərait və göstərilən xidmətlərlə bağlı məlumat da turistlər üçün maraqlı olacaq.
azertag.az