UNESCO-nun baş qərargahında Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilatların rəhbər şəxslərinin ali toplantısı keçirilib
6.12.2016

Dekabrın 5-də UNESCO-nun baş qərargahında Ümumdünya Mədəniyyətlərarası Dialoq Beynəlxalq işçi qrupunun ekspert görüşü və ali toplantısı keçirilib.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəsmilərinin iştirakı ilə reallaşıb.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ali toplantıdan əvvəl keçirilən işçi qrupun ekspert görüşündə nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, işçi qrupun katibi Vasif Eyvazzadə və Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək “Bakı prosesi”, gələcək Forumun prioritetləri, tərəfdaş beynəlxalq təşkilatlardan gözləntilər barədə məlumat veriblər. Görüşdə adıçəkilən beynəlxalq qurumların nümayəndələri təmsil etdikləri təşkilatların mayın 5-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyinə öz təkliflərini təqdim edib və bu təkliflər ətrafında müzakirələr aparıblar.

Müzakirənin nəticələri daha sonra keçirilən ali toplantıya təqdim edilib.

Toplantıya sədrlik edən mədəniyyət və turizm Naziri Əbülfəs Qarayev iclas iştirakçılarına, xüsusilə UNESCO-nun baş direktoru İrina Bokovaya, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirə, UNESCO-nun baş direktorunun müavini Françeska Bandarinə, ISESCO baş direktorunun müavini Amina Al Hajriyə, BMT-nin Dünya Turizm Təşkilatının regional direktoru və baş katibin müşaviri Amr Abdel-Qaffara və digər yüksək səviyyəli rəsmilərə iclasda iştirak etdiklərinə, Prezident İlham Əliyevin “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünə göstərdikləri dəstəyə və tərəfdaşlığa görə təşəkkürünü bildirib.

UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan hökumətinin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələri alqışlayaraq “Bakı prosesi”nin həm mədəniyyətlər arasında dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platforma olduğunu qeyd edib və rəhbərlik etdiyi qurumun IV Ümumdünya Mədəniyyətlərarası Forumunun təşkilində vacib tərəfdaş rolunda çıxış edəcəyini bildirib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir cari ilin aprel ayında Bakıda uğurla keçirilmiş VII Qlobal Forumu xatırladaraq Azərbaycan ilə “Bakı prosesi” çərçivəsində uzun illərə dayanan səmərəli əməkdaşlığın olduğunu qeyd edib, həmçinin növbəti Dünya Forumu çərçivəsində bir sıra tədbirləri təşkil edəcəklərini vurğulayıb.

Daha sonra Dünya Turizm Təşkilatının regional direktoru Amr Abdel-Qaffar, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının direktoru Marsela Villareal, ISESCO baş direktorunun müavini Amina Al Hajri, Avropa Şurasının Demokratiya Baş Direktorluğunun xüsusi əlaqələndiricisi Danile Kanjemi, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndəsi Migel Silva, Böyük Britaniyanın Koventri Universitetinin sosial əlaqələr, sülh və etiqad institutunun rəhbəri professor Mayk Hardi, “Qlobal Kompas” təşkilatının sədri, BMT Sivilizasiyalar Alyansının və Avropa Şurasının keçmiş direktoru Jan Kristov Ba çıxış edərək “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində tərəfdaşlığın vacibliyini vurğulayıb, 2017-ci ildə keçiriləcək Forumla bağlı təkliflərini bildiriblər.

Nazir Ə.Qarayev irəli sürülən təkliflərə görə təşəkkürünü bildirərək Azərbaycanın sülhə, əməkdaşlığa və dialoqa sadiqliyini daim nümayiş etdirdiyini söyləyib və səslənən fikirlərin dekabrın sonuna kimi proqram şəklində hazırlanacağını və yekun sənədlərlə birgə tərəfdaş beynəlxalq qurumlarla paylaşılacağını bildirib.

Görüşün sonunda qərara alınıb ki, 2017-ci il mayın 5-6-da keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində yüksək hökumət rəhbərlərinin iştirakı ilə açılış mərasimi, dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din və inanc, turizm, təhsil, elm, gənclər, media və s. mövzularda plenar və panel sessiyalar keçirilsin.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ildə Avropa Şurası Mədəniyyət nazirlərinin konfransında “Bakı prosesi”, 2010-cu ildə BMT Baş Assambleyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüslərini irəli sürüb. 2008-ci ildən bəri “Bakı prosesi” regional kontekstdən qlobal hərəkata çevrilərək nüfuzlu beynəlxalq təşkilatları birləşdirən nadir qlobal platforma kimi dünya siyasətində mühüm yer tutur.

azertag.az