Ağcabədidə müasir Olimpiya İdman Kompleksi inşa olunur
27.8.2012

Ağcabədi rayonunda müasir Olimpiya İdman Kompleksi inşa olunur. Sahəsi 6 min 500 kvadratmetr olan kompleksdə güləş, boks, ağır atletika, üzgüçülük, trenajor və stolüstü tennis zalları, eləcə də kafe, restoran fəaliyyət göstərəcəkdir.

Bundan əlavə, kompleksin ərazisində 1000 nəfərlik tamaşaçı üçün nəzərdə tutulmuş futbol stadionu, voleybol meydançası, tennis kortu, avtomobil dayanacağı və Olimpiya parkı istifadəyə veriləcəkdir. Burada qazanxana, transformator yarımstansiyası, içməli və yanğına qarşı su anbarları da inşa ediləcəkdir.
Tikinti işlərinə müxtəlif təyinatlı texnika cəlb olunmuşdur.

AzərTAc