Dekabrın 6-da Səməd Vurğunun ev-muzeyində şairin anadan olmasının 110, vəfatının 60 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Ev-muzeyinin direktoru Nüşabə Vəkilova şairə bəslənən ümumxalq məhəbbətindən söhbət açıb.
Şairin yubileyinin ölkəmizin hüdudlarından kənarda da qeyd olunduğunu diqqətə çatdırıb.
Vurğunşünas alim, Aslan Salmansoy Azərbaycan ədəbiyyatını böyük bir ümmana bənzədərək, S.Vurğunun isə bu ümmanın mahir qəvvası olduğunu söyləyib. Onun yaradıcılığının sadə olduğu qədər dərin, dərin olduğu qədər də bəşəri mahiyyət daşıdığını deyib. Şairin “İnsan” mənzum dramında yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideyalar ilə yaşayan insanlarının baxışlarının yer aldığını söyləyən natiq, həmin pyesdə şairin qoyduğu “Qalib gələcəkmi cahanda kamal?” - dərin bəşəri, fəlsəfi, ritorik sualın dünən, bu gün və gələcək zamanlar üçün də aktual olaraq qaldığını vurğulayıb.
Tədbirdə professorlar - Məmməd Əliyev, Aida Feyzullayeva, Tamara Şərifli, İradə Yusifova, Mərcan Sofiyeva, şairlər Oqtay Rza, Zaməddin Ziyadoğlu və başqaları S.Vurğunu təkcə məşhur şair deyil, eyni zamanda, böyük alim, ictimai xadim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi kimi xarakterizə ediblər.
Bildirilib ki, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilən şair elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyətini yaradıb. Uzun illər bu cəmiyyətə rəhbərlik edib.
Vurğulanıb ki, müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak edib. SSRİ Ali Sovetinin deputatı kimi 947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər edib, yolüstü Berlində də olub. 1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olub, konqresdən qayıtdıqdan sonra şair “Zəncinin arzuları” poemasını yazıb. Həmin il poema Polşada çap edilib. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur “Avropa xatirələri” adı ilə çap etdirib. 1951-ci ildə şair “Bolqar-sovet dostluğu cəmiyyəti”nin xətti ilə Bolqarıstanda olub. O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilib, yaradıcılığından nümunələr çap edilib.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dostluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin Vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Konfrans çərçivəsində vurğunşünas alim A.Salmansoyun şairin anadan olmasının 110 illiyinə həsr etdiyi “Səməd Vurğun xatirələrdə” kitabının da təqdimatı keçirilib. Kitab “Xan” nəşriyyatında “Xatirə ədəbiyyatı silsiləsindən” çap olunan 26-cı kitabdır.
Sonda kitab konfrans iştirakçılarına hədiyyə edilib.
azertag.az