Ekspert: Repetitor müəllimlər vergi ödəyicisi olmalıdırlar
8.12.2016

“Bakıda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında birgə fəaliyyət müqavilələrinin imzalanması məsələsi artıq 3 ildir müzakirə edilir. Lakin bu məsələ müəllimlərin narazılığına səbəb olduğundan onun reallaşmasının mümkünlüyü hər dəfə təxirə salınır”.

Bunu təhsil üzrə ekspert Elşən Qafarov deyib.

Hazırda məktəblərdə kifayət qədər müəllimin repetitorluq fəaliyyəti ilə məşğul olduğunu deyən E.Qafarov həmin müəllimlərin əsasən, şəraiti olmayan müəllimlər olduğunu da söyləyib. Onun sözlərinə görə, belə müqavilələrin imzalanması savadlı müəllimlərin repetitorluqdan uzaqlaşmasına səbəb olacaq ki, bu da onların maddi vəziyyətlərinə təsir göstərəcək.

Ekspert onu da bildirib ki, bu müqavilələrin yalnız məktəbdə repetitorluq xidməti ilə məşğul olan müəllimlərlə imzalanması müzakirə edilir. Evdə repetitorluqla məşğul olan müəllimlərin isə belə müqavilələrə cəlb edilməsi hazırda müzakirə mövzusu deyil.

E.Qafarov bildirib ki, məktəb binasında əlavə xidmətlərinin göstərilməsi, yəni rəqs dərnəkləri, idman mərkəzlərinin açılması üçün məktəblərə əvvəlcə tədris prosesinə mane olmadan təşkilatçı tərəflə müqavilə imzalayıb işləməsinə icazə verilirdi. Bu zaman birgə müqavilə məktəb və təşkilatçı (xidməti göstərən) arasında bağlanırdı. 2015/2016-cı tədris ilindən isə hər hansı məktəb birgə fəaliyyət haqqında müqavilə imzalamaq üçün (müqavilə məktəb və təşkilatçı arasında imzalanırdı) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) şifahi razılığını almalıydı. Bu ilin iyul ayında isə Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyətin təşkili üçün müqavilələrin bağlanması barədə qərar verdiyindən BŞTİ birgə fəaliyyət haqqında müqaviləni üçüncü tərəf olaraq (müqavilə BŞTİ- məktəb və fiziki və ya hüquqi şəxs arasında imzalanır) imzalayır.

E.Qafarov repetitor müəllimlərlə müqavilənin bağlanılması üçün bəzi məsələlərə də aydınlığın gətirilməsini vacib sayıb. O bildirib ki, repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında birgə fəaliyyət müqavilələrinin imzalanması üçün ilk növbədə hər bir repetitor müəllim rəsmi qaydada qeydiyyatdan keçməli, fiziki şəxs olmalı, bunun üçün isə özünə VÖEN açdıraraq vergi ödəyicisi olmalıdır. Digər tərəfdən, belə müqavilələrin imzalanması üçün məktəblərin hüquqi statusu dəqiq müəyyən edilməlidir: “Bu müqavilələrdə məktəb hüquqi şəxsdirmi? Hüquqi şəxsdirsə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçibmi? Xüsusi rekvizitləri varmı? Bu məsələ reallaşacağı təqdirdə onlarla cavabsız suallar ortaya çıxacaq.....”

E.Qafarov bildirib ki, hazırda orta məktəblərdə əlavə təhsil xidmətlərinin göstərilməsi üçün vahid müqavilə forması olsa da, hər bir müəllimlə fərqli şərtlərlə müqavilə imzalanır. Müqaviləyə uyğun olaraq, repetitorluq fəaliyyətinə görə, müəllimin ödəməli olduğu məbləğin minimal və maksimal həddi müəyyənləşdirilməyib və xidmət haqqından konkret olaraq, necə faizin tutulması da dəqiqləşdirilməyib.

E.Qafarov qeyd edib ki, əlavə təhsil xidmətlərinə görə ödənilən həmin vəsaitlər bütün paytaxt məktəbləri üzrə BŞTİ-nin açdığı bank hesabına müəllim tərəfindən köçürülür. Müəllim həmin vəsaiti ödədikdən sonra qəbzi məktəb direktoruna təqdim edir. Bundan sonra isə həmin vəsaitin müəyyən bir hissəsinin müəllimə geri qaytarılmasına razılıq verilir. Lakin hüquqi baza olmadığından həmin vəsait müəllimə hazırda “mükafat” adı ilə verilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildirilib ki, ümumi təhsil məktəblərində birgə fəaliyyətin təşkili Nazirlər Kabinetinin “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” 19.01.2010-cu il tarixli, 10 nömrəli qərarına əsasən həyata keçirilir: "Birgə fəaliyyətin təşkil edilməsi təhsilin inkişafına dəstək verilməsi, habelə təhsil işçilərinin sosial müdafiəsinin və təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlarda istifadə edilməklə, üçtərəfli birgə fəaliyyət müqavilələri əsasında sahibkarlarlıq fəaliyyəti növlərinin təşkil edilməsinə razılıq verilir".

İdarədən əlavə edilib ki, məktəblərin tədris proqramları ilə üst-üstə düşən repititorluq fəaliyyəti üzrə birgə fəaliyyət müqavilələrinin bağlanması nəzərdə tutulmur.

İdarədən qeyd edilib ki, əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri sırasına, dövlət ümumi təhsil proqramlarında nəzərdə tutulmayan bilik və bacarıqların tədrisi və qiymətləndirilməsi, o cümlədən beynəlxalq təhsil proqramlarının tətbiqi, habelə təhsil müəssisəsinin profilinə və fəaliyyət istiqamətlərinə ziddiyyət təşkil etməyən iş və xidmətlərin göstərilməsi aid edilib.

Xatırladaq ki, iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyətin təşkili üçün müqavilələrin bağlanması barədə qərar verib. Həmin qərara əsasən, BŞTİ hər hansı fiziki və hüquqi şəxslə və üçüncü tərəf olaraq, məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır. Bu müqavilə çərçivəsində məktəblərdə təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir.

Məktəblərdə təşkilinə icazə verilən fəaliyyətlər müxtəlif dərnəklərdir ki, onların da arasında idman, yaradıcılıq dərnəkləri üstünlük təşkil edir.

BŞTİ müdiri Məhəbbət Vəliyeva dünən verdiyi açıqlamasında bildirib ki, artıq hüquqi və fiziki şəxslər tərəfindən idarəyə müraciətlər edilib və müqavilələr imzalanıb, fəaliyyətə başlanılıb. Bunun da sayəsində valideynlərin ödənişləri hesabına məktəblərdə əlavə xidmətlər göstərilir.

M.Vəliyevanın sözlərinə görə, yaxın gələcəkdə Bakıda müəllimlərlə məktəb arasında birgə fəaliyyət müqavilələri imzalana bilər: “Birgə fəaliyyət müqavilələrinin imzalanması yəqin ki, müəllimlərə də şamil olunacaq. Amma bu gün üçün həmin məsələ konkret məqsəd kimi qarşıya qoyulmayıb”.

trend.az