YUNESKO-nun Parisdəki baş qərargahında Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitənin 11-ci sessiyası keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycan sessiyada mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Bildirilib ki, Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasının ikinci Protokoluna qoşulmuş 12 üzv dövlətdən ibarət olan komitə ildə bir dəfə toplantı keçirir. Azərbaycan 2015-ci ildə 4 il müddətinə komitəyə üzv seçilib.
On birinci sessiyanın gündəliyinə “gücləndirilmiş mühafizə” statusu üçün təqdim edilmiş müraciətlərə baxılması, Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması Fondundan beynəlxalq yardımın təqdim edilməsi məsələsi, təhlükə altında olan mədəni mülkiyyətə dair Mavi Qalxan (Blue Shield) təşkilatının hesabatının dinlənilməsi, fandreyzinq strategiyasının nəzərdən keçirilməsi kimi məsələlər daxil edilib.
report.az