Şamaxıda güzəştli kreditləri hesabına müasir heyvandarlıq kompleksi və iri fermer təsərrüfatı yaradılır. Dekabrın 9-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Şamaxı rayonunun Mədrəsə qəsəbəsində keçirib.
Nazirlikdən verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq, kartofçuluq təsərrüfatlarının, pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2016-cı ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 157 milyon manatdan çox güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 7700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1850-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,7 milyon manat güzəştli kredit verilib.
İşgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 30 sahibkara 262 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Şamaxı rayonunda güzəştli kredit ayrılmış müasir heyvandarlıq kompleksinə və iri fermer təsərrüfatına baxış keçirilib. Ümumilikdə, indiyədək 23 müasir heyvandarlıq kompleksinin yaradılmasına 100 milyon manatdan çox güzəştli kredit verilib. Artıq təsərrüfatlardan 19-u istifadəyə verilib. Bu təsərrüfatlarda istehsal olunan yüksək keyfiyyətli süd bu sahədə tələbatın ödənilməsində əhəmiyyətli rol oynayır.
trend