Bu gün Bakıda taekvondo üzrə komandalararası dünya çempionatı start götürüb. Qadın və kişilərdən ibarət komandalar iki qrupda mübarizə aparacaq.
Qadınların mübarizəsində Çin, Rusiya, İtaliya və Fransa yığmaları bir, Azərbaycan, ABŞ, Cənubi Koreya və Türkiyə isə digər qrupda çıxış edəcək. Kişilərin yarışında isə qrupların birində İran, Rusiya, Cənubi Koreya və Türkiyə, digərində Azərbaycan, Belçika və ABŞ yer alıb.
Azərbaycanın kişi taekvondoçuları ilk olaraq Belçikaya, daha sonra ABŞ-a rəqib olacaq. Qadınlar isə ardıcıl olaraq ABŞ, Cənubi Koreya və Türkiyə idmançıları ilə döyüşəcək.
Qarışıq mübarizədə Belçika Cənubi Koreya ilə, ABŞ isə Rusiya ilə üz-üzə gələcək.
Azərbaycan yığmasında kişilərdən Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (+87 kq), qadınlardan Safiye Polat (49 kq), Zeyvi Kərimova, Gülhanım Yeşildal ( hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmiye Oogink (73 kq) iştirak edəcək.
Kişilərin yarışında iştirakçı idmançıların ümumi çəkisi 373 kq-dan artıq olmamalıdır. Qadınlarda bu məhdudiyyət 318 kq-dır. Qaydalara görə, bir komandanın heyətində digər ölkənin iki üzvü iştirak edə bilər.
İki gün davam edəcək dünya çempionatı “G2” kateqoriyalı yarış olduğundan, qalib komandanın hər bir üzvünün aktivinə 20 reytinq xalı əlavə olunacaq. Gümüş mükafatçılar 12, bürünc mükafatçılar isə 7.2 xal əldə edəcək.
Görüşlərə saat 10:00-da start verilib.
report.az