Şəmkirdə Əhəməni canişin sarayı qalıqlarının aşkarlanması Qərb şərqşünaslarının marağına səbəb olub
12.12.2016

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda İtaliyanın “Şərq” Tədqiqat Universitetinin Asiya, Afrika və Aralıq dənizi hövzəsi departamentinin İran arxeologiyası və incəsənət tarixi bölümünün rəhbəri, professor Bruno Cenitonun Midiya və Əhəməni arxeologiyasının problemlərinə həsr edilmiş təqdimatı olub.

İnstitutdan bildiriblər ki, vizual təsvirlərlə müşayiət olunan təqdimatda əsasən tarixi Manna, Midiya və Əhəməni dövlətlərinə aid ərazilərdə aşkarlanmış arxeoloji abidələrdən, o cümlədən Həsənluda, Qodintəpə, Nuşicantəpədə, həmçinin qədim Midiyanın paytaxtı Ekbatananın qalıqlarının yerləşdiyi ehtimal edilən müasir Həmədan şəhərində aparılmış qazıntılardan, əldə olunan nəticələrdən, arxeoloqların və tarixçilərin üzləşdiyi problemlərdən söz açılıb.

Professor B.Cenito xüsusilə Azərbaycan ərazisində, Şəmkirdə Əhəməni canişin sarayı qalıqlarının aşkarlanmasının Qərb şərqşünasları arasında ciddi maraq doğurduğunu bildirib. İtaliyalı professor qeyd edib ki, Azərbaycanın unikal coğrafiyası yaxın gələcəkdə göstərilən dövr və mədəniyyətlər üzrə İtaliya və Azərbaycan arxeoloqlarının birgə əməkdaşlığını şərtləndirir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

azertag.az