Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın Əməkdar İncəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən bildirilib ki, Taras Şevçenko adına Ukrayna Milli Muzeyində təşkil olunmuş “Bayram Hacızadənin satirik qrafikası” adlı sərgidə rəssamın beynəlxalq müsabiqələrdə və bienallarda mükafatlar almış, müxtəlif albom və kataloqlarda dərc olunmuş 70 əsəri nümayiş edilib.
Sərgidə Ukraynanın ictimaiyyət nümayəndələri, rəssamlar, mətbuat işçiləri, rəsmi şəxslər, eləcə də ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və Ukrayna Karikaturaçılar Assosiasiyasının birgə layihəsi olan bu sərgi karikaturaçı rəssam Bayram Hacızadənin yaradıcılıq fəaliyyətinin 30 illiyinə həsr olunub.
Rəssamın incə yumorla işlənmiş əsərlərində tolerantlıq ruhunun yüksək olmasını xüsusilə qeyd edən qonaqlar bu və bu kimi tədbirlərin iki ölkə arasında dostluğun və sıx əməkdaşlığın daha da yüksəldilməsinə xidmət edəcəyini vurğulayıblar.
On gün davam edəcək sərgi Ukraynanın mərkəzi televiziya kanallarında, eləcə də mətbuat səhifələrində geniş işıqlandırılıb.
Qeyd edək ki, rəssamın “Tolerantlıq” başlığı altında fərdi sərgiləri bu ilin axırına qədər Belarus, Rusiya, İsrail və Türkiyədə də keçiriləcək.
azertag.az