Bakıda “Azərbaycan Tələbə Kartı”nın yeni variantının təqdimat mərasimi keçirilir.
Bu münasibətlə Bakıda keçirilən tədbirdə “Azərbaycan Tələbə Kartı”nın yeni variantı barədə məlumat verilib, yeni tərəfdaş şirkətlər təqdim olunub.
Qeyd edək ki, təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün 196 min ədəd “Azərbaycan Tələbə Kartı” hazırlanaraq pulsuz paylanılıb.
“Azərbaycan Tələbə Kartı” Avropa Gənclər kartı (EYCA) ilə birgə buraxılır. 1987-ci ildə təsis edilən Avropa Gənclər Kartı Assosiasiyası üzv təşkilatları sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində birgə fəaliyyət məqsədi daşıyır. Avropa Gənclər kartının (EYCA) şüarı “Qənaət edilmiş pul-qazanılmış puldur”.
Plastik Kartın üzərində Avropa Gənclər Kartının loqosu var və ona uyğun olaraq kartın içində mikroçip yerləşdirilib. Bu da kart sahibinə Avropanın 37 ölkəsində 80 mindən çox və Azərbaycanda 200-dən artıq obyektdə 5 faizdən 55 faizədək endirimlər təklif edir.
Kartdan səyahət zamanı otellər və hostellər bron etməkdə, ekskursiyalar və turlarda, qatar, avtobus, hava və su nəqliyyatından istifadə zamanı, mağazalarda (kitab, idman, palat və digər), iaşə obyektlərində, müxtəlif xidmətlərdə (sığorta, abunə servisi, bələdçi) istifadə etmək mümkündür.
azertag.az