Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş VI Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və onların mükafatlandırılması mərasimi olub.
Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV-lərin və ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.
Əvvəlcə məktəblilər ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətindəki abidəsi önünə gül dəstələri qoyublar.
Sonra tədbir iştirakçıları müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Mərasimdə bildirilib ki, oktyabrın 18-dən dekabrın 14-dək keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, fövqəladə hal probleminə ictimaiyyətin diqqətinin yönəldilməsi olub.
Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.
Rayon və şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub.
Müsabiqəyə təqdim olunmuş işlər təşkilat komitəsi tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Ümumilikdə 40 rəsm, 38 plakat, 33 əl işi, 20 yanğın və qəza-xilasetmə texnikasının modeli və 13 yumşaq oyuncaq mükafata layiq görülüb.
Sonra qaliblərə mükafatlar təqdim olunub. Mükafatları fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim ediblər.
Tədbir bədii hissə ilə davam edib.
azertag.az