Bakı və Moskva şəhərlərindəki Qara Qarayev adına məktəblər arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.12.2016

Dekabrın 14-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Moskva şəhər Qara Qarayev adına uşaq musiqi məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, əməkdaşlıq müqaviləsini məktəblərin direktorları - Azərbaycanın Əməkdar Artisti Əziz Qarayusifli və İlya Sandler imzalayıb.

Sözügedən bədii təhsil ocaqları arasında əməkdaşlığın əsasının qoyulması iki ölkə arasında mövcud olan sıx humanitar əlaqələrin bir nümunəsidir.

Qeyd olunub ki, məktəblər arasında təcrübə mübadiləsinin aparılmasında, qarşılıqlı səfərlərin təşkilində, iki xalqın mədəniyyətlərinin yetişməkdə olan gənc nəslə çatdırılmasında, ölkəmizdə multikultural ənənələrin inkişaf etdirilməsində bu cür əməkdaşlıq əlaqələrinin qurulması böyük əhəmiyyət kəsb edir.

Mərasimin rəsmi hissəsindən sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.

azertag.az