Dekabrın 14-də İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” hərəkatının süqutundan sonra Azərbaycana mühacirət etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və digər şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi açılıb.
Sərgidə “21 Azər” hərəkatının fəalları ilə yanaşı, Dünya Azərbaycanlıları Yazarlar Qurumunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz tərəfindən muzeyə təqdim olunan yeni sənədlər və fotolar nümayiş olunub.
Muzeyin direktoru Fəridə Şəmsi, Sayman Aruz və başqaları bildiriblər ki, 1945-ci il dekabrın 12-si Azərbaycan azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılıb. Həmin gün Güney Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümüdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə bu hökuməti Azərbaycan türklərinin apardığı uzunillik milli-azadlıq hərəkatının təbii yekunu kimi də qiymətləndirmək olar. Azərbaycan Milli Hökuməti xalqın böyük dəstəyi ilə Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi və digər sahələrdə mühüm işlər həyata keçirib.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantları və digər qonaqlar iştirak ediblər.
azertag.az