Azərbaycanın KİV rəhbərləri Türkiyə Böyük Millət Məclisində və Anadolu agentliyində olublar
15.12.2016

Azərbaycanın aparıcı KİV rəhbərlərinin Türkiyənin paytaxtı Ankaraya səfəri davam edir. Bu gün nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində görüşlər keçirib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin Türkiyə və Azərbaycan dövlətlərinin müştərək maraq dairəsində olan məsələlər barədə məlumat verib. Qarşıda duran vəzifələr barədə fikirlərini bölüşən Necdet Ünüvar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində KİV-lərin fəaliyyətinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan KİV-lərin iki ölkə arasında əlaqələrin inkişafına xidmət edən istənilən fəaliyyətə informasiya dəstəyi verməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin növbəti görüşü Anadolu agentliyində keçirilib. KİV rəhbərləri agentliyin ofisi, texniki imkanları və struktur bölmələri ilə tanış olublar. Anadolu agentliyinin baş direktorunun müavini və baş redaktoru Mətin Mutanoğlu qurumun Azərbaycan KİV-ləri ilə əlaqələri və bu yöndə yeni planları barədə məlumat verib. Görüş iştirakçıları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Azərbaycan KİV təmsilçiləri Yurddışı Türklər və Akraba Topluluklar Başkanlığında (ATATB) da olub, qurumun rəhbəri Mehmet Köse ilə görüşüblər. ATATB-ın fəaliyyəti barədə məlumat verən Mehmet Köse Azərbaycan və Türkiyə diaspor təşkilatlarının sıx əməkdaşlıq etdiyini vurğulayaraq, bu əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni proqramlar hazırlandığını bildirib. O, ölkələrimizin diaspor təşkilatlarının əməkdaşlığının möhkəmləndirilməsi, dünyada təsir gücünün artması üçün medianın yardımının da əhəmiyyətini vurğulayıb.

V.Səfərli Azərbaycan KİV-lərinin iki ölkənin diaspor təşkilatlarının əməkdaşlığının inkişafına təkan verən layihələri dəstəklədiklərini bildirərək, ATATB ilə əlaqələrin inkişaf etdirilməsinə önəm verildiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru V.Səfərli, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, o cümlədən ölkəmizin aparıcı KİV rəhbərləri daxildir.

Dekabrın 16-dək davam edəcək səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarında, həmçinin aparıcı KİV-lərində görüşlər keçirilir.

trend