Təhsil Nazirliyi ali təhsil müəssisələrində innovativ sahibkarlığın inkişafını gücləndirəcək
16.12.2016

Təhsil Nazirliyi dövlət və özəl sektorlardakı tərəfdaşlarla birlikdə ali təhsil müəssisələrində innovativ sahibkarlığın inkişafını gücləndirməyi qərara alıb.

Bu barədə dekabrın 15-də “ADA” Universitetində “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda keçirilən seminarda təhsil nazirinin müavini Ceyhun Bayramov məlumat verib.

Nazir müavini qeyd edib ki, 2017-ci ildə Azərbaycanda müvafiq nazirlik və idarə əməkdaşlarının iştirakı ilə xüsusi komissiyanın yaradılması, bu qurum tərəfindən yüksək texnologiyalar sahəsində sahibkarlıq strategiyasının hazırlanması təklif olunub. Eyni zamanda, Azərbaycan universitetlərində də müvafiq startap-inkubator və akseleratorların yaradılmasına ehtiyac var. Bu sahədə dünya təcrübəsinin öyrənildiyini deyən C.Bayramov hazırda bununla bağlı müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.

azertag.az