ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Kaliforniya ştatındakı Pasadena şəhərindəki müşahidə mərkəzi bəyan edib ki, kosmosda şəkər molekulları və okean aşkarlanıb.
"Kassini" kosmik rəsədxanası Saturnun təbii peyklərindən biri olan Titanın səthindəki buzun altında su qatını tapıb.
Alimlər Titanın Saturn ətrafında dövrə vurarkən sıxılıb-genişləndiyini aşkarlayıblar. Bu isə Titanın yalnız sərt qaya süxurlarından ibarət olmaması deməkdir.
"Titan səthində hündürlüyü təxminən 10 metr olan qabarma və çəkilmələr müşahidə olunub. Bu isə Titanda okean olduğunu təxminləməyə imkan verir", - İtaliyanın Roma şəhərindəki Sapiensa Universitetinin professoru Luçano İss deyib.
Saturn ətrafında 16 sutka ərzində tam dövrə vuran Titan tam sferik səma cismi deyil və reqbi topuna bənzəyir.
Titan Saturna yaxınlaşanda onun oxu daha da dartılır, 8 sutka sonra isə boşalmağa başlayır və plenet girdələşir.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının eksperti Semmi Asmarın söhlərinə görə, Titanın daxili qatlarının araşdırılmasına ehtiyac duyulur: "Orada okean var və həmin okean Titanın səhtindəki buz qatını deformasiyaya uğradır. Həmin okeanın suyu ammonium nəticəsində duzludur".
"Kassini" NASA, Avropa Kosmik Agentliyi və İtaliya Kosmik Agentliyinin birgə layihəsidir. Bu arada alimlər Günəşi xatırladan yeni ulduz aşkarlayıblar.
IRAS 16293-2422 adlandırılan və ikiqat ulduz sisteminin bir hissəsi olan bu ulduzun ətrafındakı qazda şəkər molekulları var.
The Astrophysical Journal Letters bildirir ki, kütləsi Günəş ağırlığında olan ulduz Yerdən 400 işıq ili uzaqlıqda, İlandaşıyan ulduz topasındadır.
Qlikolaldehid molekulları həmin günəşəbənzər ulduzun ətrafındadır.
Qlikoaldehid propenalla reaksiyaya girərək ribonuklein turşusunun (RNT) əsasını təşkil edən ribozanı yaradır.
RNT isə DNT-yə oxşadığından həyat formalarının mövcudluğunun əsasını təşkil edir.
Yeni ulduzun ətrafındakı şəkər molekullarını Danimarkadakı Nils Bor İnstitutunun professoru Ces Yorqensenin başçılıq etdiyi qrup Çilinin Atakama səhrasındakı Atacama Large Millimeter/submillimeter Array (ALMA) radioteleskopundan istifadə edərək aşkarlayıb.
Milli.Az