Beynəlxalq turizmin inkişafında ölkələr arasında viza siyasətinin sadələşdirilməsi vacibdir.
Bunu Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Amerika Ticarət Palatasının (AmCham) nümayəndə heyəti ilə görüşdə deyib.
Görüş zamanı Amerika Ticarət Palatasının “Ağ sənəd” adı ilə tanınan “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənəd və sözügedən sənəddə əks olunan məsələlərin həllində qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparılıb.
“Ağ sənəd” haqqında ətraflı danışan Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova ölkə turizminin inkişafında viza prosedurlarının sadələşdirilməsi, Açıq səma prinsipinin tətbiqi və bir sıra digər mühüm məsələlər haqqında yerli şirkətlər tərəfindən təqdim edilən təkliflər barədə məlumat verib.
Nazir müavini N. Səmədov Azərbaycanda turizm sənayesinin hərtərəfli və davamlı inkişafı üçün görülən işlər, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi", eləcə də Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 1 sentyabr tarixli sərəncamından irəli gələn məsələlərin həllinə dair görüləcək işlər barədə geniş məlumat verib. N.Səmədov beynəlxalq turizmin inkişafında ölkələr arasında viza siyasətinin sadələşdirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanda 2017-ci ilin yanvar ayından etibarən tətbiq ediləcək ASAN Viza sisteminin əhəmiyyətindən bəhs edib.
Bununla yanaşı, görüş çərçivəsində turizm sahəsində digər mühüm məsələlərə toxunulub, həmçinin Mədəniyyət və Turizm Nazirliyi və Amerika Ticarət Palatası arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər barədə müzakirələr aparılıb.
trend.az