Bakı-sərnişin stansiyasında ötən ilin mart ayında başlanan təmir işləri son mərhələdədir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür. Həmçinin, bilet kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəz olununb. 1 ədəd yük, 2 ədəd sərnişin və 1 ədəd əlillər üçün panoram-lift quraşdırılıb.
Bu, "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan daxil olan məlumatda qeyd edilib.
Məlumata görə, əsaslı təmirdən sonra stansiyada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri, gözləmə zalı, ana-uşaq və namaz otaqları sərnişinlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, vağzal binasının ikinci mərtəbəsində "ASAN Xidmət" fəaliyyət göstərəcək. Sərnişinlər pulsuz "wi-fi" sistemindən istifadə edəcəklər.
Bundan başqa, Bakı sərnişin stansiyasının 7 platforması və 8 yolu əsaslı təmir olunub, platformalarda 34 ədəd ikitərəfli oturacaq quraşdırılıb. 8 çıxışlı (4-ü vağzala, 4-ü şəhərə) tuneldə son tamamlama işləri görülür.
Sürətlə davam edən əsaslı təmir işlərinin yaxın günlərdə başa çatması nəzərdə tutulur.
Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib.
Vağzal binasının Mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.
1977-ci ildə Bakı-sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni üslubda olan obyektlərin ən böyüyü olub.
report.az