Ukraynanın Jitomir vilayəti Azərbaycanla əlaqələrin inkişafına xüsusi maraq göstərir
19.12.2016

Ukraynanın Jitomir vilayəti Azərbaycanla iqtisadi, ticari, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərir.

Azərbay­canın Ukraynadakı səfirliyindən verilən məlumata görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşü zamanı Jitomir Vilayətinin qubernatoru İqor Qundiç deyib.

Jitomir şəhərinə işgüzar səfəri çərçivəsində Jitomir vilayətinin qubernatoru İ.Qundiçlə görüşən A.Xudiyev Azərbaycanla Jitomir vilayəti arasında regional iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparıb.

Jitomir vilayətinin sosial-iqtisadi göstəriciləri haqqında səfirə məlumat verən qubernator vilayətdə müxtəlif çeşidli mərmər daşlarının və ağac məhsullarının istehsal olunduğunu bildirib. Bu istiqamətdə Azərbaycanın əsas alıcı ölkələrdən biri olduğunu nəzərə çatdıran qubernator ölkəmizlə iqtisadi, ticari, elmi, mədəni əlaqələrin qurulmasına xüsusi maraq göstərdiklərini vurğulayıb. Qeyd edib ki, Jitomir vilayəti Ukraynanın zəngin aqrar bölgələrindən biridir. Vilayətin aqrosənaye komplekslərində istehsal olunan süd və ət məhsulları bir sıra Avropa ölkələrinə ixrac olunur. Qubernator bu sahədə Azərbaycanla müştərək müəssisələrin qurulmasının vacibliyini bildirib.

Ölkəmizdə bir çox sahələrlə yanaşı, aqrar sektorun inkişafına xüsusi diqqət göstərildiyini bildirən A.Xudiyev Azərbaycanda səmərəli investisiya mühütündən söz açıb və bu sahəyə maraq göstərən jitomirli iş adamlarına ölkəmizlə istənilən işbirliyinin qurulmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Sonra səfir Jitomir Azərbaycanlıları Konqresinin qarışıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bağlı təşkil etdiyi bayram şənliyində iştirak edib. Tədbirə qatılanları qarşıdan gələn hər iki bayram münasibətilə təbrik edib.

Jitomir vilayət rəsmilərinin və parlament təmsilçilərinin iştirak etdiyi tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Jitomir Azərbaycanlıları Konqresinin sədri İlqar Məmmədov çıxış edərək Azərbaycanla Ukrayna xalqlarının tarixi dostluq əlaqələrindən söz açıblar. Hər iki dost ölkəyə sülh və əmin-amanlıq arzulayıblar.

Tədbirə qatılanlar, həmçinin Jitomir şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar. İ.Məmmədov Mərkəzin həyata keçirdiyi tədbirlər haqqında qonaqlara ətraflı məlumat verib.

trend