Azərbaycan Teleradiosunun musiqi kollektivlərinin bədii rəhbəri, tanınmış vokalçı Ramil Qasımovun Almaniyada yeni CD albomu işıq üzü görüb.
“Azərbaycanım” adlanan albomda R.Qasımovun ifasında Azərbaycanın dünya şöhrətli bəstəkarlarının əsərləri yer alıb. Albom Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə açılır.
Eyni zamanda, bu topluda “Sənsiz”, “Sevgili canan” (Üzeyir Hacıbəyli, Nizami Gəncəvi), “Azərbaycan” (Müslüm Maqomayev), “Vətən qədər ucalar” (Şəfiqə Axundova, Bəxtiyar Vahabzadə), “Sahilə gəl” (Vasif Adıgövəlov, Mikayıl Müşfiq), “Sevgilim” (Tofiq Quliyev, Zeynal Cabbarzadə), “Həsrət nəğməsi” (Eldar Mansurov, İsmayıl Dadaşov), “Lay-lay” (Cahangir Cahangirov, İslam Səfərli), “Qurban olduğum” (Hacı Xanməmmədov, Mikayıl Müşfiq), “Koroğlunun ariyası” (Üzeyir Hacıbəyli), “İlhamlı günləri Azərbaycanın” (Azad Zahid, Abdulla Qurbani), “My way” (Frenk Sinatra) və digər sevilən musiqilər yer alıb.
Ramil Qasımov bildirib ki, bu diskin Azərbaycanla yanaşı, Almaniyada da satışı olacaq. Adına uyğun hazırlanan diskin üzərində ənənə və müasirliyi özündə birləşdirən paytaxt Bakının göz oxşayan fotosu göstərilib.
Gün.Az