Kiyevdə Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ukraynanın dövlət və hökumət rəsmiləri, Ali Radanın deputatları, diplomatik korpus nümayəndələri və diaspor fəalları iştirak ediblər.
Səfirlikdən verilən məlumata görə, Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları alında başlayan tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, 25 il bundan öncə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın beynəlxalq arenada əldə etdiyi yüksək nailiyyətlərdən söz açıb. Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və dünya Azərbaycanlılarının vahid məfkurə ətrafında birləşməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışan səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qlobal sosial iqtisadi islahatlardan bəhs edib.
O,Azərbaycanla Ukrayna arasında mövcud strateji müttəfiqlik münasibətlərini müstəqillik tariximizin uğuru kimi dəyərləndirərək, tədbirə qatılanları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Tədbirdə jurnalistlərə musahibə verən Ukrayna parlamentinin deputatları Sergey Taruta, Vladimir Ariyev və Qeorqi Loqviniski mütəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukraynanın beynəlxalq arenada eyni mövqedən çıxış etmələrindən və prinsipal məsələlərdə bir-birinə dəstək vermələrindən danışıblar.
Ali Radanın deputatı S.Taruta bildirib: "Azərbycan xalqı mənim üçün son dərəcə əziz və doğma xalqdır. Orada mənim çox yaxın dostlarım və qardaşlarım var. Mən Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvü kimi tez tez Bakıda oluram. Hər səfərimdə Azərbaycanın nə qədər sürətlə inkişaf etdiyini görüb sevinirəm. Birmənalı olaraq deyə bilərəm ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu çox məharətlə davam etdirir. Azərbaycan bu gün dünyanın idman və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Mən fürsətdən istifadə edərək başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Həmrəylik bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm".
AŞ PA-da Ukrayna nümayəndə heyətinin rəhbəri V.Ariyev müstəqillik tarixinin 25-ci ildönümünü qeyd edən Azərbaycan xalqını ürəkdən təbrik edib. Qeyd edib ki, Azərbaycan dövləti həqiqətən də müstəqillik illərində çox böyük uğurlar əldə edib: "Mən Avropa Şurası Parlament Assambleyasında hazırladığım hesabatlarda daima Azərbaycanın demokratiya və söz azadlığı istiqamətində əldə etdiyi uğurları qeyd edirəm. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və işğal altında olan torpaqlarının geri qaytarılması üçün rəsmi Ukraynanın qətiyyətli mövqeyini nümayiş etdirirəm. Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub. Əminəm ki, Azərbaycan tezliklə öz torpaqlarını işğaldan azad edəcək. Bir daha dost Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm".
Ali Radanın digər deputatı Q.Loqvinski isə Azərbaycanın hərtərəfli inkişaf strategiyasına heyran olduğunu bildirib: "Bu gün Azərbaycan öz gələcəyinə, xüsusən də uşaqların və gənclərin sağlam böyümələrinə böyük diqqət ayırır. Mənim də bir tərəfim Azərbaycana bağlıdır. Atam Göyçaydan olduğu üçün Azərbaycanın əldə etdiyi nailiyyətlər məni ikiqat sevindirir. Mən çox şadam ki, Ukraynada güclü Azərbaycan diasporu var. Azərbaycan diasporunun rəhbəri Rövşən Tağıyev Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir. O, həmçinin Azərbaycan diasporu adından Ukraynada xeyriyyə aksiyaları keçirir. Vaxtaşırı əsgərlərə və qaçqınlara humanitar yardımlar göstəririlər. Azərbaycan səfirliyi ilə də səmərəli əlaqələrimiz var. Fürsətdən istifadə edərək doğma Azərbaycan xalqını hər iki bayram münasibətilə təbrik edirəm".
Bayram süfrəsi ətrafında davam edən tədbir şən və həzin musiqi sədaları altında başa çatıb.
trend.az