Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlunun Prezident təqaüdçüsü, şair, naşir, maarifpərvər ziyalı İlyas Tapdığın həyat və yaradıcılığına həsr etdiyi “Şeirin, sözün bağbanı” adlı kitabı çapdan çıxıb. Kitabda 60 ildən çox ədəbi fəaliyyətdə olan şairin yaradıcılığı təhlil edilib, onun poeziyada qazandığı uğurlarından bəhs olunub.
Kitab tanınmış şairin çoxşaxəli yaradıcılığı haqqında maraqlı məqamları ortaya çıxarıb. Kitabda İlyas Tapdığın hələ tələbəlik illərində böyük şair Səməd Vurğunun təqdimatı ilə diqqət önünə gətirilməsi, Xalq şairləri Osman Sarıvəlli, Hüseyn Arif və digər söz adamları tərəfindən qiymətləndirilməsi barədə müxtəlif fikirlər yer alıb.
Uzun illərdir ki, aşıq sənətinin tədqiqatı ilə tanınan müəllif, “Şeirin, sözün bağbanı” kitabında ayrı-ayrı zamanlarda tanınmış ədəbiyyat adamlarının İlyas Tapdıq haqqında yazdığı sözlərə geniş yer verib. Məsələn, həm yazıçılığı, həm də ədəbi tədqiqatları ilə həmişə örnək olan professor Mir Cəlal Paşayev şair haqqında hələ ötən əsrin 60-cı illərində belə yazmışdı: “... İlyas Tapdığın şeirləri üçün xas olan cəhətlərdən biri də lakonizm, dilinin saflığı və aydınlığıdır. Bu cəhət onun şeirlərinə aşıq poeziyasından gəlir”.
Həqiqətən də, İlyas Tapdıq aşıq sənətinin hələ ötən əsrin 60-cı illərindən belə alovlu təbliğatçısı, tərənnümçüsü kimi tanınıb. Onun təşəbbüsü, cəfakeşliyi ilə Azərbaycan televiziyası və radiosunda dəfələrlə aşıqların çıxışları təşkil edilib. Aşıq sənətində “Aşıq Alı” adlı ilk telefilmin və digər aşıqlar haqqında çəkilmiş daha neçə-neçə telefilmin ssenari müəllifi məhz İlyas Tapdıq olub.
Onun Azərbaycan Aşıqlar Birliyinin yaradılması işində də müstəsna xidmətləri olub. 50 ildən çoxdur ki, şairin şeirləri həm Azərbaycanda, həm də İran və Türkiyə aşıqları tərəfindən həvəslə oxunmaqdadır.
Xalq Şairi Bəxtiyar Vahabzadə də şair həmkarını dəyərləndirib: “...İlyas müxtəlif şeir formalarında yazır. O, hecada da müvəffəq olur, sərbəstdə də, gəraylıda da, qoşmada da. Yaxşı cəhət orasındadır ki, şair klassik şeir formalarına yeni məzmun verməyi bacarır...”.
Kitabın redaktoru tanınmış şair Musa Ələkbərlidir.
azertag.az