Qala-Pirallahı yolunun 22-23-cü km-lik hissəsi yenidən qurulur
21.12.2016

Bakının Qala və Pirallahı qəsəbələrini birləşdirən avtomobil yolunun 22-cü km-dən Pirallahı körpüsünə qədər olan 1 km yanaşma yolu yenidən qurulur. Bu barədə "Azəravtoyol” ASC-dən bildirilib.
Məlumata görə, aparılan yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilir. Bunun üçün 25 metr enində yeni yol yatağı inşa olunur. Bundan başqa mövcud yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə karbonat materialı tökülərək kipləşdirilir.
"Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edəcək. Vətəndaşların normal və təhlükəziz hərəkəti üçün hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa olunacaq, həmçinin 2-3 metr enində ayrıcı zolaq da qurulacaq. Ümumilikdə 3300 m2 metr piyada səkisi tikiləcək, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 paqon-metr səki daşı düzüləcək. Yol boyu müasir işıqlandırma sisteminin qaraşdırılması da planlaşdırılır.
Layihəyə əsasən kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 14 yerdə müxtəlif diametrli borular, 10 ədəd kommunikasiya lyukları, bundan başqa yağış sularının yoldan kənarlaşdırılmasını təmin etmək üçün isə 10 ədəd yağış barmaqlığı qoyulacaq. Həmçinin yol boyu 480 metr uzunluğunda yeni istinad divarı inşa ediləcək.
Yol yatağının inşası bitdikdən sonra yol əsasının tikintisinə başlanılacaq. 15 sm qalınlığında və3700 m3 həcmində qum-çınqıl qarışığından, 10 sm qalınlığında və 2500 m3 həcmdə isə optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası nəzərdə tutulub. Daha sonra yola 2 qat (7+5sm) olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən hissənin yenidən qurulması ilə Qala-Pirallahı avtomobil yolundan Pirallahı körpüsünü keçməklə Pirallahı adasına gediş-gəliş xeyli rahatlaşacaq.
Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 0-7-ci km-lik hissəsinin yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir. Bundan öncə isə yolun 7-22-ci km-lik hissəsi müasir şəkildə yenidən qurulmuşdu.

report.az